Coş MAKDAUELL Ed STYUART VALİDEYNLƏRİN BOŞANMASI MİNNƏTDARLIQ Texas ştatının Ostin şəhərindəki Intimate Life Ministries-in direktoru Devid Ferqyusona «911: Təcili psixoloji yardım» silsiləsinə böyük əmək sərf etdiyinə görə minnətdarıq. Bu silsilənin hər kitabında Intimate Life Ministries-in prinsipləri ilə yanaşı Devidin də təsiri hiss olunur. Devid bizə başqaları üçün Allahın təsəllisinin, dəstəyinin və ruhlandırmasının necə olduğunu göstərir. Eləcə də Coş Makdauellin iyirmi üç illik həmkarı Deyv Bellisə «911: Təcili psixoloji yardım» silsiləsində göstərdiyi köməyə görə təşəkkür edirik. Bu silsilədəki hekayələr onun «Youth in Crisis Resource» («Gənclər böhran vəziyyətlərində») proqramından götürülüb. Biz Deyvə istedadına və bu işdə iştirakına görə çox minnətdarıq. Nəhayət, nəinki bu layihəyə inanan, həm də onu davamlı olaraq dəstəkləyən naşirimiz Word Publishing-dən Coui Pola minnətdarıq. CESSİKANIN HEKAYƏSİ Anası konkret bir şey deməsə də, on beş yaşlı Cessika İnqram ailəsində söhbətin nədən gedəcəyini bilirdi. Cessikanın bacısı Karen və qardaşı Mark da bu barədə bilirdilər. Nə baş verdiyini başa düşməmək üçün gərək ya kor, ya kar, ya da ağılsız olasan. Valideynlər övladlarına bir müddət ayrı yaşamaqlarının fayda verməyəcəyini və boşanacaqlarını elan edəcəkdilər. Cessika üç ay əvvəl valideynlərinin bir müddət ayrı yaşamaları ilə bağlı söhbətdə olduğu kimi, boşanma ilə bağlı söhbətin də xoşagəlməz olacağını bilirdi. O, bu söhbətdə iştirak etməmək üçün sulfat turşusu çəninə düşməyi və əbədi olaraq yox olmağı istəyərdi! Təbii ki, hərfi mənada yox. Çünki yaxşı bilirdi ki, intihar aciz insanların işidir, üstəlik, günahdır. Ancaq bu görüşdən sonra hər kəs daha da pis olacaqsa, indi ailənin bir yerə yığılmağının nə mənası var? Axı süfrə başında bu məsələyə bu qədər diqqət yetirmək nəyə lazımdır? Çarpayıda köndələninə oturan Cessika evin sıxıcı səssizliyini eşitməmək üçün qulaqcıqlarının səsini artırdı. Onun on səkkiz yaşlı bacısı Karen yarım saatdan sonra işdən evə gəlib, düz söhbətin üstünə çıxacaqdı. Karen indi evdə olsaydı, qapıları çırpar və hirsini hər kəsdən çıxarardı. Özünün dediyi kimi, od püskürərdi. Aprel ayında həmin ailə məclisindən — atası ilə anası ayrı yaşayacaqlarını bildirəndən sonra, o, baş verənlərə qəzəbini gizlətmirdi. Karen «od püskürəndə» ən azından Cessika özünü rahat hiss edirdi, çünki evin sükutu dözülməz idi. On iki yaşlı kiçik qardaşları Mark öz otağında oturmuşdu. O, Karenin tam əksi idi. Apreldəki ilk söhbətdən sonra anası ondan özünü necə hiss etdiyini soruşanda, sanki heç nə olmamış kimi, o, sadəcə çiyinlərini çəkib, kompüter oyunlarını oynamağa getdi. Yəqin, o, indi də qulaqcıqda musiqi dinləyə-dinləyə kompüterdə rəşadətlə yadplanetlilərlə mübarizə aparır. Cessika ailə böhranının ona da təsir etdiyini yaxşı başa düşürdü. Sadəcə Mark özünə qapanmışdı. Cessika onun üçün çox narahat idi: görəsən, Mark nə qədər tab gətirə biləcək? Onların anaları da evdə idi. O, bir küncdə qısılıb sevgi romanını oxuyurdu. Cessika düşünürdü ki, anası otağı təmizləmək və ya başqa ev işlərini görməklə bağlı onu danlasaydı, özünü daha yaxşı hiss edərdi. Amma görünür, anaları da onların əhval-ruhiyyəsində idi. Ataları həmişəki kimi evdə deyildi. Aprel ayında həmin o söhbətdən sonra ataları evdən bir neçə kilometr aralıda kirayə mənzil tutmuşdu. Anaları şam yeməyinə pizza gətirəcəyini söyləyəndə, Cessika qaşqabağını tökdü. Bu, kobud zarafata bənzəyirdi. Heç nə olmamış kimi masa arxasında oturub pizza yemək və eyni zamanda ailəni dağıtmaq, həqiqətən, dəhşətli idi! Cessika yemək istəmirdi. Üç ay idi ki, onun iştahası yox idi. O, gecələr pis yatır, qaşınma və gecə kabuslarından əziyyət çəkirdi. Bütün bunlar aprel ayında başlamışdı. Əgər valideynləri ayrı yaşamaq qərarına gəldikdən sonra o özünü belə hiss edirdisə, bəs boşananda nə olacaq? Cessika bu barədə düşünmək belə istəmirdi. Qulağında musiqi səsi dinləyə-dinləyə Cessika dua etməyə çalışdı. O, təxminən bir il əvvəl imana gəlmişdi. Keçən yay gənclər düşərgəsində Məsihi qəbul etmişdi. Həmin andan etibarən onun həyatında ciddi dəyişikliklər baş vermişdi. Dua etmək, Müqəddəs Kitabı oxumaq və ibadətə getmək onun həyatında mühüm rol oynayırdı. Lakin bütün bunların onun ailəsinə, xüsusən də, valideynlərinə təsiri yox idi. Onlar yalnız iki aydan bir məbədə gedirdilər, o da Cessikanın mahnı oxuduğu gənc musiqi qrupunun iştirak etdiyi vaxtda baş verirdi. Cessika onlar üçün həmişə dua etsə də, artıq bir ildən çox idi ki, valideynləri get-gedə bir-birindən uzaqlaşırdı. Valideynlərinin barışması üçün dua etmək ona ümidsiz görünürdü. O, elə düşünürdü ki, ailənin dağılmasında onun da günahı var. Gərək o, xüsusilə məsihçi olmamışdan əvvəl, valideynlərinə daha itaətkar ola, güzəştə gedə və daha çox kömək edərdi. O, bilirdi ki, onun inadkarlığı valideynlərinin birgə həyatını çətinləşdirir. Cessika dəfələrlə yaxşı qız olmadığına görə Allahdan bağışlanma diləyirdi. İndi isə o, ən çox Mark, Karen və özü üçün dua edirdi. Axşam ailəvi şam yeməyi parodiyaya bənzəyirdi. Atası və Mark qablarına pizza qoyaraq, sanki əyləncəli məclisdə imiş kimi beysbol haqqında danışırdılar. Cessika, Karen və anası nəzakət xatirinə pizzaya bir diş vurub, boşqablarını kənara itələyərək səssizcə oturmuşdular. Analarını ağlamaq tutmuşdu. Karenin gözləri alovlanmış və partlamağa hazırlaşan bomba kimi görünürdü. Cessika hər şeyin tezliklə bitməsini və otağına qayıtmasını istəyirdi. — Ananızla mən sizə bir şey demək istəyirik, — nəhayət, ataları dilləndi. — Mən evdən köçəndən bəri bizim problemlərimiz nəinki həll olunmayıb, hətta hər şey daha da pisləşib. Bir müddət ayrı yaşamaq və ailə məsləhətləri kömək etmədi. Buna görə də biz boşanmaq qərarına gəldik. Uşaqlar, istəyirik biləsiniz ki, problem sizdə deyil. Problem ananızla məndədir. Biz hamınızı çox sevirik və biz... Karen qəfil yerindən elə sıçradı ki, onun stulu taxta döşəməyə gumbultu ilə çırpıldı. — Bütün bunlardan təngə gəlmişəm! — deyə o, valideynlərinin üstünə qışqırdı. — Əgər siz bizi, həqiqətən, sevsəydiniz, bizə qarşı belə etməzdiniz! Axı niyə hər şeyi həll edə bilmirsiniz? Məncə, siz cəhd etməmisiniz, heç cəhd etmək də istəmirsiniz! Karen öz tiradasına bir-iki «qəşəng» söz əlavə edərək özünə nəzarəti buraxdı. Cessika Karendən heç vaxt belə sözlər eşitməmişdi. Atası onu ​​bir neçə dəfə dayandırmağa çalışsa da, xeyri olmadı. Bu, küləyə qarşı yumruq atmaq kimi idi. Sonda oturub dinləməkdən başqa çarəsi qalmadı. Cessika bunun da heç nəyi dəyişməyəcəyini bilirdi. Anası gözlərini yumub sakitcə ağladı. Mark da heç nə olmamış kimi pizzanın qıraqlarını dişləyərək yeməyə davam edirdi. Karen hirsləndikcə, Cessika daha çox qəzəb və ağrı hiss edirdi. Çünki Karen onun demək istədiklərini deyirdi. Onun böyük bacısı iki nəfərin yerinə «od püskürürdü». Karen ağlamağa başlayanda isə Cessika qəhərləndi, onun yanaqlarından isti göz yaşı süzülürdü. Bacısının hərəkətlərinin və dediklərinin hamısı ilə razılaşmasa da, Cessika onun hisslərini bildirmək qabiliyyətinə həsəd aparırdı. Cessika üçün sonsuzluq kimi görünən bir neçə dəqiqədən sonra hər şey bitdi. Atası demək istədiyini dedi, Karen partladı. Sonra atası izah etdi ki, o, anaları ilə birlikdə kimin kiminlə və nə qədər yaşayacağını müzakirə edirlər. Cessika üçün bu, həddi aşmaq demək idi. Başqa mənzilə köçən atası uşaqlarını analarının yanına qoymuşdu. Karen Cessikaya deyirdi ki, yəqin, ataları kiminləsə görüşür və məlum səbəblərə görə Markın və ya qızların onunla yaşamasını istəmir. İndi isə ataları ailəyə daha böyük parçalanma gətirə biləcək şeylərdən bəhs edirdi. — Bəlkə sentyabrda dərslər başlayanda kimsə mənim yanıma köçmək istəyəcək, — ataları kiçik qızına baxaraq dedi. Cessika, ümumiyyətlə, valideynlər arasında seçim etmək istəmirdi. Eyni zamanda o, masanın bir tərəfindən o biri tərəfinə atılan stolüstü tennis topu olmaq istəmirdi. Onun otağı, əşyaları və hər şeyi burada idi. O, hiss edirdi ki, onun yeri anası, Karen və Markın yanındadır. Ancaq anasının yanında qalmaq istədiyini atasına necə deyəcəyini bilmirdi. Saat səkkizin yarısında atasının işlə bağlı vacib görüşü var idi. Ona görə də o, saat yeddidən sonra çıxıb getdi. Cessika atasını çox sevsə də, indi onun getməsinə sevinirdi. Çünki bu günlük təəssüratlar kifayət edirdi. Karen anasına masanı yığışdırmağa kömək etdi, Mark yadplanetlilərlə döyüşməyə getdi, Cessika isə otağına qayıdıb qulaqcıqlarını taxdı. O bilirdi, anası indi Karenlə söhbətin təfərrüatlarını müzakirə edir. Cessika bu söhbəti davam etdirmək istəmirdi. O, hesab edirdi ki, boşanma məsələsi baxılan film kimi müzakirəyə çıxarılmamalıdır, ər-arvad arasında təkbətək həll edilməlidir. Çünki boşanma məsələsi dostlar arasında aparılan «Baxın, endirimlə əla idman ayaqqabısı almışam...» mövzusu kimi söhbət üçün mövzu deyil. Birdən Cessika məsihçi olmağın başqa bir faydasını da gördü. O, əvvəllər bunu başa düşmürdü. Gənclər qrupunun xidmətçiləri Daq və Cenni Şou da daxil olmaqla, onun ən yaxşı dostları ancaq məbəddən idi. Onların heç biri Cessikanın ailəsini tanımırdı. Buna görə də, əgər özü valideynlərinin boşanması haqqında danışmasa, heç kim heç nə bilməyəcəkdi. Cessika isə bu barədə kiməsə danışmaq fikrində deyildi. Hətta bir il əvvəl onu gənclər düşərgəsinə dəvət edən və Cessika Məsihə iman edən anda onunla birlikdə dua edən ən yaxın rəfiqəsi Natali Simmons belə, onun ailəsi haqqında heç nə bilmirdi. Natali yalnız valideynlərinin ayrı yaşadığını bilirdi. Kaş ki Natali boşanma barədə də sirr saxlayaydı. Gərək Cessika ona bu barədə danışsın. Beləcə Cessika valideynlərinin boşandığını yalnız ona demək qərarına gəldi. Başqa heç kimə. — Mən Nataligilə gedirəm, saat onda qayıdacağam, — deyə Cessika anasına səsləndi. Anası ona cavab verməyə macal tapmamış, o, artıq velosipedə minib evdən uzaqlaşmışdı. Xoş yay axşamı idi. Cessika pizza qoxusunun ona kədərli söhbəti xatırlatdığı evdən çıxandan sonra özünü daha yaxşı hiss etdi. Çətin ki, bundan sonra o, pizza yemək istəsin. Rəfiqəsi ilə birlikdə velosipedlərinə minib, şəhərdəki parka gəldilər və qoşa yelləncəkdə oturdular. Cessika şam yeməyi zamanı olan bütün söhbəti rəfiqəsinə danışdı. — Sənin valideynlərin boşanır? Oh, Cessi, çox təəssüf edirəm! Cessika heyrətləndi: rəfiqəsinin sözlərində o qədər səmimiyyət və sevgi var idi ki... nə qınama, nə mühakimə, nə də tənəyə eyham hiss olunurdu. — Ancaq bu barədə heç kimə demə. Bu sirdir, yaxşı? — Cessika dedi. — Sirr? Niyə? Bir başa sal, görüm. — İstəmirəm kimsə məbəddə bu barədə bilsin, — Cessika izah etdi. — Hər şeyi sənə danışandan sonra bu barədə müzakirə etmək istəmirəm. — Axı niyə, Cessi? — Natali təkid etdi. Cessika bir anlıq tərəddüd etdi və ürəyini tamlığı ilə rəfiqəsinə açıb-açmaması barədə fikirləşdi. Nataliyə ən vacib şeyi danışandan sonra, çətin olsa da, onunla axıra qədər səmimi olmağa qərar verdi. — Çünki... çünki... mənim ailəm normal deyil, başa düşürsən? Mənim valideynlərim Allaha inanmırlar. Onların indi etdikləri də tərifə layiq deyil. Bu barədə kiminsə bilməsini istəmirəm. Cessika yelləncəyə söykəndi və yellənmək üçün ayaqlarını uzatdı. Natali də onun ardınca təkrar etdi. Bir neçə dəqiqə qızlar səssizcə yelləndilər. Yelləncək dayananda Natali soruşdu: — Bəs Cenni necə? Cenni və əri Daq Şou məbəddə gənclərlə işləyən könüllülər idi. Hər ikisinin otuzdan yuxarı yaşları var idi. Cessika düşərgədə Məsihə iman edəndə, Cenni də orada idi. Həmin gündən etibarən o, bir neçə həftə ərzində Cessikaya ruhən böyüməsinə kömək edib ona nəsihət verirdi. — Cenni necə? — Cessika suala sualla cavab verdi. — O, Məsihdə sənin böyük bacındır, bunu özün demişdin, — Natali dedi. — Məncə, sən ona evində baş verənlərdən danışmalısan. O sənə bu vəziyyətin öhdəsindən gəlməyə kömək edə bilər. — Mən hər şeyin öhdəsindən özüm də gələ bilərəm, Natali. Sadəcə bunu etmək istəmirəm... yəni... bir çoxları kimi açıq şəkildə etmək istəmirəm. — Boşanma tək başına öhdəsindən gələ bilməyəcək qədər ciddi şeydir, — Natali sanki özü də böyük bacı imiş kimi dedi. — Amma sənə hər şeyi danışdım, düzdürmü? — Hə, əlbəttə. Mən sənin üçün dua edəcəyəm, — Natali onu əmin etdi. — Mən sənin dostunam, həmişə də yanında olacağam. Ancaq mənə elə gəlir ki, Cenni emosiyalarının öhdəsindən gəlməyə məndən daha yaxşı kömək edə bilər. — Emosiyalarımın? Bizim ailədə mənə yox, bacım Karenin emosiyalarının öhdəsindən gəlməyə ehtiyacı var. — Cessika Natali ilə mübahisə etmək istəmirdi. Amma rəfiqəsi ağlabatan məsləhət versə də, ona göstəriş verməsi Cessikanın xoşuna gəlmədi. Natali bir neçə dəqiqə susdu. Cessika da onun təslim olduğunu düşündü. Lakin Natali davam etdi: — İki il əvvəl böyük qardaşımın necə öldüyünü xatırlayırsan? — Hə. Biz o vaxt bir-birimizi yaxşı tanımırdıq. Deyəsən, o, qəzaya uğramışdı, hə? Natali başını tərpətdi: — Onun ölümü hamımızı sarsıtdı. O vaxt düşünürdüm ki, bunun öhdəsindən gəlməyin ən yaxşı yolu normal həyata mümkün qədər tez qayıtmaqdır. Mən hisslərimə üstün gəlməyə çalışdım. Bilmirdim ki, bu kədərin təbii prosesidir və mən onu keçməliyəm. Həmin vaxtda Cenni və Daq mənə çox kömək etdilər. Cessika Natalinin davam etməsini gözləyirdi, lakin o, susdu. Onun əlavə edəcəyi heç nə yox idi. Cessikanın daxilində bir səs sanki deyirdi: «Boşanma ölüm kimidir. Sən bunun öhdəsindən gəlməlisən, hisslərini sənə kömək edəcək biri ilə bölüşməlisən. Cenni Rəbdə sənin böyük bacındır. Sən onun yanına getməlisən». Onlar bir az da sakit oturdular. Sonra Cessika dedi: — Mən evə getməliyəm. Markdan narahatam. Mən onun yanında olmalıyam. Onlar velosipedlərinə minməzdən əvvəl Natali rəfiqəsini bərk-bərk qucaqladı: — Cessi, sənin halına acıyıram. Təəssüf ki, bütün bunları yaşamalı olursan! — Çox sağ ol. Mənə göstərdiyin qayğı üçün təşəkkür edirəm. — Cessika da Natalini qucaqladı. Cessika evə getməyə tələsmirdi. Həyatının ən çətin vaxtlarından birini Cenni Şouya danışmağa dəyib-dəymədiyi barədə düşünmək istəyirdi. DÜŞÜNMƏK VAXTI Boşanma — hər dildə, xüsusən də, boşanan valideynlərin uşaqları üçün ən kədərli sözlərdən biridir. Görünür, bizim dövrdə bu bəla əvvəlki nəsillərə nisbətən daha çox insana toxunur. XX əsrin ortalarında ABŞ-da nikahların təxminən iyirmi beş faizi boşanma ilə nəticələnib. 1960-cı illərdən bəri bu rəqəm əlli faizədək və ya daha çox artıb. Çox güman ki, məktəbinizdəki uşaqların yarısı valideynlərin ya boşandığı, ya da bir yerdə yaşamadığı ailələrdə böyüyür. Bəlkə siz də onlardan biri olduğunuz üçün bu sətirləri oxuyursunuz. Boşanma çox ağrılıdır, çünki həyatınızın təməlini erkən vaxtlardan sarsıdır. Köməksiz bir körpə üçün əsas sevgi və təhlükəsizlik mənbəyi — valideynlərdir. Allahın planına uyğun olaraq ailə məhz belə qurulmalıdır. Hətta hər iki valideynin olduğu ailədə körpə yeniyetməyə çevrilib, müəyyən müstəqillik əldə edəndə, təhlükəsizliyi hiss etməyə davam edir. Amma boşanma ucbatından ailə dağılanda və uşaq təhlükəsizlik hissindən məhrum olanda, ona hisslərinin öhdəsindən gəlmək çətin olur. Əgər sizin valideynləriniz boşanıbsa və ya ayrı yaşayırlarsa, siz müxtəlif duyğular yaşaya bilərsiniz. Fərqli vaxtlarda siz qəzəb, utancaqlıq, xəcalət, təqsirkarlıq, acı, qorxu, çaşqınlıq, məyusluq və ya tənhalıq hiss edə bilərsiniz. Bəlkə də bu, mənasız və hətta axmaqlıq kimi səslənər, amma siz hiss etdiyinizi hiss edirsiniz. Əlinizdən də heç nə gəlmir. Buna baxmayaraq, siz hisslərinizi daha yaxşı başa düşə və onların öhdəsindən gəlməyi öyrənə bilərsiniz. Yaşantılarınızla təcrübəli və ruhən yetkin məsihçi dostunuzla bölüşmək çox faydalı olar. Natalinin Cessikaya tövsiyə etdiyi kimi, siz təsəlli, dəstək və ruhlanma almaq üçün gənclər xidmətçisinə, pastorunuza və ya məbədin digər yetkin üzvlərinə müraciət etməlisiniz. Valideynlərinizin boşanması xəbərinə münasibətiniz necədir? Aşağıdakı ifadələr sizin hisslərinizi əks etdirirmi? Mən buna inanmıram və bu barədə danışmaq istəmirəm. Həqiqətən, heç bir şey olmamış kimi reaksiya vermək və ya atanızın və ananızın bu işi sonadək etməyəcəyini özünüzə demək təbiidir. Cessikanın qardaşı Mark valideynlərinin heç bir problemi olmadığına özünü inandırmağa çalışırdı. İnkarın başqa bir növü — valideynin yoxluğunun ideallaşdırılmasıdır, yaxud da narahatlığınızı gizlətmək üçün baş verənlərə süni zarafatla yanaşmaqdır. Cessika kimi reaksiya da vermək olur, yəni bu mövzu haqqında danışmaqdan imtina edilir. İnkar etmək — geniş yayılan çətin vəziyyətin öhdəsindən gəlməyin qeyri-sağlam üsuludur. Mən utanıram. Utanmaq da valideynlərin boşanmasına çox rast gəlinən reaksiyalardan biridir. Cessika kimi, siz də ailənizdə baş verənləri dostunuza danışmaqdan çox utanırsınız. Sizə görə, boşanma ailənizdə işlərin yaxşı getmədiyinin sübutudur və ata-ananızın bir-birinə olan rəftarı sizi çox utandırır. Məsələn, valideynlərinizdən birinin ailədə yaşamaması, bəlkə də, özünə yeni həyat yoldaşı tapması sizi narahat edə bilər. Siz həmçinin düşünə bilərsiniz ki, buna görə məbədinizin pastoru və ya üzvləri sizə və ailənizə xor baxırlar. Boşanma faktı nə qədər faciəli olsa da, yadda saxlayın ki, bu sizin və ailənizin layiq olduğu şey deyil. Mən özümü günahkar hiss edirəm. Cessikada olduğu kimi, davranışınızın valideynlərinizin boşanmasına səbəb olması düşüncəsi də sizi narahat edə bilər. İtaətsizliyiniz, pis qiymətləriniz, kobud xasiyyətiniz, qardaş və ya bacınızla mübahisələriniz və ya valideynlərinizə sevginizi göstərə bilməməyinizlə onların ayrılmasında müəyyən məsuliyyət daşıdığınızı hiss edə bilərsiniz. Hətta ola bilsin ki, onlar (və ya digər böyüklər) boşanmalarına səbəb kimi sizin davranışınızı göstəriblər. Günahkarlıq hissi hər şeyi düzəltmək istəyi yarada bilər. Bununla belə, başa düşməlisiniz ki, ailənin dağılmasına, eləcə də yenidən birləşməsinə görə siz məsuliyyət daşımırsınız. Özümü qəzəbli və küskün hiss edirəm. Valideynlərinizin boşanmasına görə qəzəblənə bilərsiniz. Çünki boşanma ailəni dağıdır, əvvəl nizam-intizamın hökm sürdüyü yerdə nizamsızlıq yaradır. Valideynlərinizin birindən ayrılmaq istəmədiyiniz üçün qəzəblənə bilərsiniz. Tərk edilmək hissi isə yalnız odun üstünə yağ tökəcək. Həm də bütöv ailələrdə böyüyən dostlarınızdan fərqli olduğunuz üçün acı çəkə və inciyə bilərsiniz. Bundan əlavə, siz valideynləriniz arasında mübahisənin qurbanı ola bilərsiniz. Boşanma nəticəsində yaranan fiziki və maddi yük də sizi qəzəbləndirə bilər. Hər halda, hissləriniz barədə kiməsə danışmaq və onların öhdəsindən gəlmək üçün məsləhət almaq lazımdır. Mən narahatlıq və qorxu hiss edirəm. Valideynlərin problemlərinə təbii və geniş yayılmış reaksiya qorxu və narahatlıqdır. Siz bundan sonra harada yaşayacağınız, oxuyacağınız və ya tətilinizi harada keçirəcəyiniz barədə narahat ola bilərsiniz. Sizi ailənin digər üzvlərinin, dostlarınızın və məbədinizin üzvlərinin mümkün reaksiyaları qorxuda bilər. Siz qorxursunuz ki, valideynlərinizdən biri və onun tərəfindən olan qohumları sizi tərk edəcək. Cessikanın qəzəbi və qorxusu onun iştahasının itirilməsinə, yuxuda kabuslar görməsinə və dəri qaşınmasına gətirib çıxartdı. Qorxularınızı etiraf etməyiniz və onları dürüst şəkildə valideynləriniz və məbəd rəhbərləri ilə bölüşməyiniz çox vacibdir. Özümü rahat hiss edirəm. Bütün digər emosiyalardan əlavə, siz ananızın və atanızın boşanması ilə bağlı bir qədər rahatlıq hiss edə bilərsiniz. Bu o demək deyil ki, siz daşürəkli insansınız və valideynlərinizə qarşı şəfqət hissiniz yoxdur. Sadəcə olaraq, «Nə olursa olsun, təki onlar dalaşmasınlar» deyə fikirləşə bilərsiniz. Sizə elə gələ bilər ki, boşanma sizi valideynlərinizin birinin pis rəftarından xilas edəcək. Bununla belə, yaşadığınız rahatlıq hissinin vəziyyəti inkar etmək və ya valideynlərdən intiqam almaq istəyinizin olmamasına əmin olun. Özümü sevgiyə layiq olmayan, dəyərsiz və rədd edilmiş hiss edirəm. Bəzən sizə elə gəlir ki, valideynlərinizin boşanması sizi sevməməsi ilə əlaqəlidir. Bəlkə də siz düşünürsünüz: «Atamla anam hesab edir ki, mənə görə aralarında olan problemlərinin həlli üçün səy göstərməyə dəyməz». Özünüzü sizinlə yaşamayan valideyn tərəfindən tərk edilmiş hiss edə bilərsiniz. Həmçinin sizə elə gəlir ki, digər ailə üzvləriniz, dostlarınız və ya məbədinizin üzvləri sizə yuxarıdan aşağı baxır. Sizi əminsizlik və rədd olunma hissləri incidə bilər. Bu barədə valideynlərinizə, gənclər qrupu və ya məbədinizin xidmətçisinə danışın. Qoy onlar sizə kömək etsinlər ki, siz boşanmanın heç bir şəkildə sizin dəyərinizi əks etdirmədiyini və valideynlərinizin sizi sevməməsi ilə bağlı olmadığını dərk edəsiniz. Özümü kədərli, məyus və ruhdan düşmüş hiss edirəm. Sizin yaşadığınız hisslər, yaxınını itirən insanın yaşadığı hisslərə bənzəyir. Düzdür, boşanma halında hər iki valideyn sağdır. Lakin bunun acısı eynidir. Bəzən ümidsizliyə qapanırsınız. Özünüzü tənbəl, süstləşmiş və heç nə etmək istəmədiyinizi hiss edirsiniz. Emosiyalarınız çox gərgindir, hər şeydən ötrü partlamağa hazırsınız. Gözləmədiyiniz anda güclü hisslər sizi bürüyə bilər. Ola bilsin ki, hisslərinizi ifadə etmək və ya onlara nəyin səbəb olduğunu anlamaq sizin üçün çox çətindir. Belə vəziyyətlərdə kədər ümidsizliyə çevrilmirsə, normal və sağlam reaksiyadır. Özümü çarəsiz və ümidsiz hiss edirəm. Valideynlərinizin boşanmasının qarşısını almaq iqtidarında olmadığınıza görə sıxıntı yaşaya bilərsiniz. Boşanmanın səbəbini aradan qaldıraraq vaxtı geri qaytara və keçmişi dəyişdirmək gücündə deyilsiniz. Siz valideynlərinizin qərarına təsir edə və münasibətlərini bərpa edə bilmirsiniz. Yaranan vəziyyətdə özünüzü çarəsiz və ümidsiz hiss edirsiniz. Əgər diqqətinizi mənfi cəhətlərə yönəltməyə davam etsəniz, özünüzü getdikcə daha pis hiss edəcəksiniz. Əslində, diqqətinizi edə bilməyəcəyiniz şeylərə deyil, hisslərinizin öhdəsindən gəlmək üçün edə biləcəyiniz şeylərə yönəltmək vacibdir. Özümü xəyanətə uğramış və tərk edilmiş hiss edirəm. Valideynlərin boşanmasından sonra özünü yad və tənha hiss etməkdə qeyri-adi heç nə yoxdur. Sizə elə gələ bilər ki, valideynləriniz sizə xəyanət edib. Ağlınızda «Heç kim yaşadıqlarımı başa düşmür, heç kim özümü necə hiss etdiyimi bilmir» kimi fikirlər yarana bilər. Siz məbədinizdən, dostlarınızdan, xüsusən də hər iki valideynləri olanlardan uzaqlaşdığınızı hiss edə bilərsiniz. Hətta sizə elə gələ bilər ki, Allah da sizi tərk edib. Bu cür hisslər, kompüter oyunlarına girişərək özünə qapanan Cessika və ya Mark kimi, sizi insanlardan uzaqlaşdıra bilər. Həmin vaxt təkliyə çəkilmək istəyinə baxmayaraq, hissləriniz barədə sizi sevən valideynlərinizə və ya nəsihətçilərinizə danışmalısınız. Hansı hissləri yaşamağınızdan asılı olmayaraq, əmin olun ki, Allah hər şeydən xəbərdardır və O sizin qayğınıza qalır. Müqəddəs Kitabda deyilir: «Rəbb qəlbisınıqlara yaxındır, O, ruhən əzilmişləri qurtarır» (Zəbur 34:18); «O, sınıq qəlblərə şəfa verər, yaralarını sarıyar» (Zəbur 147:3). Rəbb nəinki sizinlə acı çəkir, həm də sizə təsəlli və qəlb yaralarınıza şəfa vermək istəyir. O, duada bütün qayğılarınızı uşaq kimi Ona həvalə etməyə çağırır. Çünki O sizin qayğınıza qalır (1 Peter 5:7-ə bax). Ailənizdə yaranan vəziyyət çətin olsa da, çarəsiz deyil. Sadəcə olaraq, hisslərinizi kiminləsə bölüşməklə və duada vaxt keçirtməklə siz ailənizdə baş verən dəyişikliklərə uyğunlaşa bilərsiniz. Ümidsizliyin sizi bürüdüyünü hiss edəndə, təkliyə çəkilib iztirab çəkməyin. Sizə kömək edə biləcək biri ilə danışın. Necə ki, Cessika bunu edəcək. CESSİKANIN HEKAYƏSİ Cümə günü səhər Cessika Сenni Şouya zəng etməyə hazırlaşırdı, amma cəsarəti çatmırdı. Bir tərəfdən bunun axmaqlıq olduğunu başa düşürdü: onların ötən yay düşərgəsində tanış olduğu vaxtdan bəri Cenni həmişə Cessika üçün yaxşı dost və məsləhətçi olub. Buna baxmayaraq, Cessika valideynlərinin boşanması barədə danışmaq məcburiyyətində olduğu üçün utanırdı. Natali təkid edirdi ki, o, Cenniyə zəng etsin. Cessika isə dostunun fikirlərinə güvənirdi. Nəhayət, Cessika nömrəni yığanda və Cenni cavab verməzdən öncə telefonu qapamaq istəyinə üstün gələndə, düzgün hərəkət etdiyini anladı. Təfərrüatlara varmadan Cessika onların görüşüb, çox vacib bir məsələ haqqında danışa bilib-bilməyəcəyi barədə soruşdu. Cenni dedi ki, o, Daqla birlikdə işlətdiyi mini-çap mətbəəsindən sabah günorta çağı tez çıxa bilər. Günəşli, isti yay havası gözlənilirdi. Cenni çay kənarında günəş vannası qəbul etməyi təklif etdi. Сessika razılaşdı. Nəsihətçi söz verdi ki, təxminən saat birdə onun dalınca gələcək. Ertəsi gün onlar görüşüb çayın sahilində, düz suyun kənarında oturdular. Oradan əylənən uşaqlara baxırdılar. Amma söhbətlərini heç kim eşitməsin deyə, digər istirahət edənlərdən bir az uzaqda oturmuşdular. Onlar məhrabanı yerə sərib, bir-birinə günəş kremi çəkdilər. Cessika haradan başlayacağını bilmirdi. Buna görə birbaşa dedi: — Valideynlərim boşanır. Cenni karıxdı. — Cessi, ola bilməz! — O, əlini Cessikanın qoluna qoyaraq təəssüflə dedi. — Mənim bundan xəbərim yox idi. Bu barədə heç nə eşitməmişdim. — Bu barədə Natalidən başqa heç kim bilmir, — Cessika izah etdi. — Başqa adamın bilməsini istəmirdim. Amma Natali dedi ki, səninlə danışmalıyam. — Çox təəssüf edirəm, Cessi!.. Yəqin, sənə çox çətindir. Cessika nəsihətçisinin ona təsəlli vermək istəyini gördü. O, yaşadıqlarını Cenni ilə bölüşmək qərarına gəldiyi üçün artıq sevinirdi. — İndi bizim evdə hər şey fərqlidir... hər şey... — o dedi. — Ah, Cessika, bunu eşitmək necə də kədərlidir... — Cenni az qala ağlasın. Cessika da qəhərləndi. — Bu barədə mənə danışmaq istəsən, səni dinləməyə hazıram. Cessika valideynləri arasındakı münaqişə və boşanma haqqında kiməsə nə qədər çox danışmaq istədiyini özü də bilmirdi. Demək olar ki, yarım saat ərzində o, dərdini Cenni ilə bölüşdü. Onların evində nə qalmaqal, nə dava-dalaş olub. Əgər bütün bunlar olsaydı, boşanma çox daha rahat qarşılanardı. Anası ilə atası, sadəcə olaraq, səssizcə bir-birindən uzaqlaşırdılar. Elə zənn olunurdu ki, onların hər biri hətta bir yerdə olsalar da, öz aləmində yaşayır. Atası çox işləyirdi. İşdən əlavə, o, vaxtının çoxunu qolf klubunda keçirirdi. Anası romanların, serialların və cilalı jurnalların uydurma dünyasında yaşayırdı. Bunları danışa-danışa Cessika birdən fikirləşdi ki, valideynlərinin ortaq cəhətləri çox azdır. Bəlkə də onlar ayrı yaşasalar, daha xoşbəxt olacaqlar. O, payız planları — kimin kiminlə yaşayacağı haqqında danışmağa başlayana qədər, özünü saxlayırdı. — Atam, yəqin ki, mənim və ya Karenin onun yanına köçməyini istəyəcək, — o özünü ağlamaqdan güclə saxlayaraq dedi. — Mən isə ailəmi daha da dağıtmaq istəmirəm. Mən atamı çox sevirəm, amma mənim yerim anam, Karen və Markın yanındadır. Nə edəcəyimi bilmirəm. — Cessika diqqət çəkmək və camaat arasında ağlamaq istəmirdi. O özünü toparlamağa çalışırdı. Lakin Cenninin onu qucaqladığını və gözlərindəki yaşları görəndə dözə bilmədi. — Narahat olma, Cessi, — Cenni dedi. — Sənin üçün nə qədər çətin olduğunu bilirəm. Hər şeyin belə olduğuna çox təəssüf edirəm. Mən yanındayam. Qorxma, ağla. Cessika hisslərinə yer verib hönkür-hönkür ağladı. İlk dəfə idi ki, o, valideynlərinin boşanmasına görə ağladı. Göz yaşlarını siləndən sonra birdən Cessika içində, bacısı Karendə olduğu kimi, alovun püskürdüyünü hiss etdi. Göz yaşları sanki bəndi yarıb, bütün duyğuları üzə çıxartdı. — Axı niyə... Niyə onlar bizə qarşı belə edirlər? Bu, doğru deyil! Xüsusilə də Marka qarşı bu ədalətsizlikdir! — Kiçik qardaşının təkbaşına əziyyət çəkməsi fikri yeni göz yaşları dalğasına səbəb oldu. Hələ də onu qucaqlamağa davam edən Cenni dedi: — Bütün bunları yaşadığına görə çox üzülürəm, çünki səni sevirəm. Amma biz birlikdə öhdəsindən gələcəyik, mən yanındayam. Cenni dua etdi. Cessika Cenninin, həqiqətən, onun üçün böyük bacı olduğunu hiss etdi. Bir neçə dəqiqədən sonra onlar gözlərini silərək, özlərini səliqəyə saldılar. Hətta başqalarının gözündə necə göründükləri barədə bir az zarafat etdilər. Daha sonra Cenni ciddi şəkildə dedi: — Boşanmaq — yaxın adamın itirilməsi kimidir. Əzizlərdən kimsə vəfat edəndə kədərlənirsən. Bu proses bir neçə mərhələdən ibarətdir. Ailə «öləndə» də eyni hisslər yaşanır. — Hə, Natali mənə buna oxşar nəsə demişdi, — Cessika qeyd etdi. — Bunlar məntiqli görünür, amma mən bu mərhələlərin nə olduğunu bilmirəm. Cenni Cessikaya növbəti bir neçə həftə ərzində qarşılaşa biləcəyi beş acı çəkmə mərhələsindən bəhs etdi. Sadə bir izahat Cessikaya hazırda başına gələnləri anlamağa kömək etdi. Sonra Cenni soruşdu: — Hisslərin və bütün bu mərhələlərdən necə keçəcəyin barədə danışmaq üçün səninlə yenə, bəlkə də bir neçə dəfə, görüşə bilərik? — Sən birlikdə səhər yemək yeməyi və ya imana gəldiyim ilk vaxtlarda etdiyimiz kimi Müqəddəs Kitabı araşdırıb, ünsiyyət qurmağı nəzərdə tutursan? — Bəli, əgər sən istəsən. Cessika gülümsədi. Cenni ilə keçirdiyi vaxt ona imanda möhkəmlənməyə və ruhən böyüməyə çox kömək etdi. — Əlbəttə, istəyirəm, — o dedi. Cessika və Cenni növbəti iki şənbə, hətta lazım gələrsə, sonradan gələn şənbə günləri görüşüb, birlikdə səhər yeməyi yemək qərarına gəldilər. Sonda onlar üzməyə getdilər. Valideynləri ayrılandan sonra ilk dəfə idi ki, Cessika acı çəkməkdə tək olmadığını hiss etdi. Növbəti həftə Cenni ona bir neçə dəfə zəng etmiş və ruhlandırıcı elektron məktublar göndərmişdi. Natali də Cessikaya onun üçün dua etdiyini xatırlatmaq üçün tez-tez zəng edir və baş çəkirdi. Qız valideynlərinin boşanma qərarının qəti olduğunu öyrənəndə, ilk həftə onun üçün çox çətin olmuşdu. Həm də o, vəziyyətə özünəməxsus şəkildə reaksiya verən Karen və Marka görə də narahat idi. Onlara nisbətən Cessika özünü daha yaxşı hiss edirdi. Çünki iki yaxın insanın narahat olduğunu və onu dəstəklədiyini görürdü. O, ümid edirdi ki, rəfiqəsindən və ruhani müəllimindən təsəlli alaraq, qardaşına və bacısına kömək edə biləcək. DÜŞÜNMƏK VAXTI Cessika kimi, siz də valideynlərinizin boşanması nəticəsində bir çox fərqli duyğular — kədər, ümidsizlik, çarəsizlik, qorxu, hətta qəzəb yaşaya bilərsiniz. Ömrünüzdə heç vaxt ağlamadığınız kimi ağlaya bilərsiniz. Emosional olaraq boşluq hiss edə bilərsiniz. Bunun baş verməsinə izin verən valideynlərinizə, hətta Allaha qəzəblənə bilərsiniz. Bütün bu hisslərin normal və təbii olduğunu başa düşmək vacibdir. Çünki bu emosiyaları sizə bəxş edən Allahdır. O sizi məhz belə yaradıb. Sizin duyğularınız — ürək ağrısını üzə çıxaran daxili qapaq kimidir. Cenninin Cessikaya verdiyi sadə nəsihət tamamilə doğru idi: hisslərinizi içinizdə boğmayın, əksinə, üzə çıxmasına izin verin. Cenni Cessikanın yanında idi və onunla birlikdə ağladı. Belə bir reaksiya İsa Məsihin sözlərində öz əksini tapır: «Nə bəxtiyardır yaslı olanlar! Çünki onlar təsəlli tapacaq» (Matta 5:4). Ağlamaq — qəlb ağrısını üzə çıxaran prosesdir. Ağrını içinizdə saxlamayın. Onu başqa insanlarla paylaşın ki, onlar da dərdinizə şərik olsunlar. Allah sizə məhz bu yolla xeyir-dua vermək və valideynlərinizin boşanmasına görə aldığınız yaraya məlhəm çəkmək istəyir. Boşanma nikahın ölümü sayıla bilər. Siz ata-ana, bacı-qardaş və ya dostunuzun ölümünə necə reaksiya verirsinizsə, ona da eyni şəkildə reaksiya verə bilərsiniz. Kədər yaşamaq — belə hadisələrdən sonra insanların çoxunun keçdiyi prosesdir. Bu proses bir neçə həftədən bir neçə aya qədər davam edə bilər. Həmin proses beş mərhələdən ibarətdir. Onu eyni şəkildə yaşayan ən azı iki nəfər tapmaq çətindir; mərhələlər bir-biri ilə üst-üstə düşə və yenidən təkrarlana bilər. Amma çox güman ki, ailə faciəsinə reaksiyanız Cessikanın reaksiyası kimi olacaq. İlk mərhələ — inkar etməkdir. Bəzən bunun sizin başınıza gəldiyinə inanmırsınız. Cessikanın vəziyyəti inkar etməsi onun otağına gedib, bu mövzu haqqında danışmaqdan imtina etməsi ilə özünü göstərdi. «Xeyr, bu, ola bilməz» deyib inkar etmək — beyninizin baş verən bədbəxtliyin öhdəsindən gəlməyə çalışdığı üsullardan biridir. İkinci mərhələ — qəzəbdir. Belə vəziyyətlərdə bunun nə üçün baş verdiyini özünüzdən soruşaraq, ağlabatan cavab tapa bilmədiyinizə görə qəzəblənirsiniz. Siz sabitlik və təhlükəsizlik hissini itirmisiniz. Bütün bunlar sizə olduqca ədalətsiz görünür. Cessikanın bacısı Karen kimi, qəzəbiniz valideynlərinizdən birinə və ya hər ikisinə yönələ bilər. Yaxud Cessika kimi, valideynlərinizə deyil, boşanmanın özünə qəzəblənə bilərsiniz. Qəzəbiniz hətta özünüzə yönələ bilər, çünki baş verənlərə görə nədəsə günahkar olduğunuzu düşünürsünüz. Üçüncü mərhələ — vəziyyətin və ya onun ağır nəticələrinin aradan qaldırılması üçün Allahla razılığa gəlmək cəhdidir. Eləcə də Allah ailənizi yenidən birləşdirərsə, həyatınızı dəyişəcəyinizə söz verərək Onunla sövdələşə bilərsiniz. Yanlış günahkarlıq hissi ilə idarə olunan Cessika Allahla sövdələşməyə cəhd edə bilər. Onun fikrincə, o özünü pis apardığına görə, qismən də olsa, valideynlərinin boşanmaq qərarına səbəb olub. Allahla sövdələşmək — vəziyyəti dəyişdirmək, yaxud keçmiş səhvləri düzəltmək istəyinizdən irəli gələ bilər. Dördüncü mərhələ — boşanmanın qaçılmaz olduğunu anladığınız vaxt yarana biləcək depressiyadır. Bu, bir ailənin dağılması ilə bağlı böyük kədər və ümidsizlik hissidir. Depressiya qorxu, əminsizlik və narahatlıqla müşayiət oluna bilər. Çünki ikinci valideyn olmadan necə yaşayacağınızı təsəvvür belə edə bilmirsiniz. Kəskin tənhalıq hissi depressiyanın başqa bir tərəfidir. Cessika atasız qaldığı müddətdə artıq bunu yaşayıb. Nəhayət, sonuncu, beşinci mərhələ — qəbullanmaqdır. Zamanla yaşadığınız acıların digər mərhələləri keçdikcə, üzləşdiyiniz boşanma ilə barışır və onun nəticələrinin öhdəsindən gəlməyə başlayırsınız. Ancaq bu mərhələ üstünlük təşkil edəndə, yenə də əvvəlki mərhələlərə qayıda, baş verənləri inkar edə, qəzəb və depressiya yaşaya bilərsiniz. Buna baxmayaraq, keçdiyiniz mərhələlərin təsiri əvvəlki kimi şiddətli olmayacaq. Çünki yaşadığınız hər şeyi Allahın sizin xeyrinizə çevirdiyini dərk etməyə başlayacaqsınız (Romalılara 8:28-ə bax). Bəzi hallarda bu mərhələlərin müvəffəqiyyətlə keçilməsinə bir neçə həftə və ya aylar lazım gəlir. Həmin ərəfədə yaşadığınız duyğular və ya ağlınızda yaranan fikirlər sizin üçün tamamilə yeni və ya çox güclü ola bilər. Buna görə «doğrudanmı siz yaxşısınız?» deyə bəzi şübhələr yarana bilər. Narahat olmayın, həyatınızdakı ən kədərli hadisələrdən birinə normal reaksiya verirsiniz. Həmin dövrdə sizin üçün yeganə real təhlükə — duyğularınızın qəbuledilməz və ya qeyri-sağlam şəkildə ifadəsidir. Məsələn, əgər Cessikanın depressiyası onu intihara cəhd etməyə sövq etsəydi, bu onun tərəfindən yanlış və qeyri-sağlam reaksiya olardı. Həmin dövrdə yaranan duyğuların diktə etdiyi impulsiv hərəkətlərdən qaçmaq üçün müdriklik tələb olunur. Boşanma ilə bağlı təsvir etdiyimiz reaksiyalarınızdan əlavə, başqa reaksiyalarınız da ola bilər. Ancaq xoşbəxtlikdən, Cessikaya kömək edə biləcək «böyük bacısı» var. Cessikanın hekayəsi Onlar kafedə stola əyləşən kimi Cenni Cessikadan soruşdu: — Bu həftən necə keçdi? Cessika çiyinlərini çəkdi: — Pis deyil. Təbii ki, valideynlərimin boşanması ilə barışmaq çətindir. Çox sağ ol ki, mənə keçməli olacağım kədər mərhələləri haqqında danışmısan. Deyəsən, keçən həftə mən inkar etmək mərhələsi və yüngül depressiya yaşadım. — Ona görə də mən səninlə bir neçə dəfə görüşməyimizi istədim, — Cenni dedi. — Hisslərinlə mübarizə aparmağın ən yaxşı yolu — onlar haqqında danışmaq və onların arxasında nəyin dayandığına diqqət yetirməkdir. Onlar səhər yeməyi sifariş edəndə, Cenni bir kağız çıxarıb Cessikaya uzatdı. — Boşanma ilə bağlı hansı hisslər keçirə biləcəyini düşündüm. Bunları qeyd etmək qərarına gəldim, — Cenni dedi. — Zəhmət olmasa, bax, gör, bu siyahıda artıq yaşadığın bir şey varmı? Cessika ilk sözü ucadan oxudu: — «İnanmamaq». — O dayandı. — Bəli, bu hiss mənə tanışdır. Hələ də inana bilmirəm ki, valideynlərim boşanır. Mən buna inanmaq istəmirəm. Keçən həftə yuxuda gördüm ki, atam evə qayıdıb və anamla münasibətləri yaxşılaşıb. Yuxudan oyananda fikirləşdim ki, onu mətbəxdə əlində bir fincan qəhvə və qəzetlə görəcəyəm. Amma təəssüf ki, o, orada yox idi. — İnanmamaq — inkarın bir formasıdır, — Cenni dedi. — Güclü stress nəticəsində beynin müəyyən sabitlik səviyyəsini qoruyub saxlamağa çalışır. Bəzi insanlarda bu hiss problem haqqında danışmaqdan imtina etmələri ilə özünü büruzə verir. Onlar hətta bunu fakt kimi qəbul etmək istəmirlər. Digərləri problemin mövcudluğunu etiraf edir, lakin təsir gücünü inkar edirlər. İnkar etmək — qeyri-sağlam olsa da, bir növ müdafiə reaksiyasıdır. Sonda boşanmanın, həqiqətən, baş verdiyini və buna görə həyatının dəyişdiyini etiraf etməli olursan. Cessika yavaşca başını tərpətdi: — Başa düşürəm. Uydurma dünyada yaşamaq anormal və yanlışlıqdır. Problemi inkar edəndə, onun öhdəsindən gəlmək mümkün deyil. — Bunu başa düşməyin çox yaxşıdır, — Cenni dedi. — Qorxuram ki, Mark məhz bunu yaşayır, — Cessika dedi. — O, ümumiyyətlə, atamla anam haqqında danışmaq istəmir. Hər dəfə bu mövzunu açan kimi o, kompüter oyunlarına keçir. — Bəlkə Allah ona sənin vasitənlə kömək etmək istəyir? — Cenni dedi. — Mən Mark, Karen və sənin üçün dua edirəm. Cenni siyahını oxumağa davam etdi: — «Utancaqlıq, çaşqınlıq, qəzəb, günahkarlıq hissi»... hmm... Məncə, özümü bir az günahkar hiss edirəm. — Mənə bu haqda danış. Cessika bir az tərəddüd etdi. Bu vaxt ofisiant yaxınlaşıb, onlara şirə gətirdi. Cessika fikirlərini toplamaq və cavab vermək üçün bir neçə saniyə qazandığına görə sevindi. — Düşünürəm ki, atamla anamın yaşadığı problemlərdə qismən mənim də günahım var. Mən heç də həmişə nümunəvi uşaq olmamışam. On üç yaşım tamam olanda özümü müstəqil hiss etdim. Bir dəfə bilərəkdən evə yarım saat gec gəldim. Bunun üstündə valideynlərimlə böyük qalmaqal yaşadıq. Yadımdadır ki, o vaxt atam mənə belə bir söz demişdi: «Cessika, sən belə davrananda ananla həyatımızı dözülməz edirsən. Ailə münasibətləri onsuz da asan deyil, üstəlik, davranışın vəziyyəti daha da çətinləşdirir». Onda anladım ki, valideynlərim elə də yaxşı yola getmir, problemin bir hissəsi isə mənəm. — Valideynlərinin ayrılmasına görə özünü günahkar hiss etməyini eşitmək məni çox kədərləndirdi, — Cenni şəfqətlə dedi. — Sənin nələr yaşadığını başa düşürəm. Amma bu sənin günahın deyil. Əlbəttə, sən nümunəvi uşaq olmaya bilərsən. Ancaq heç bir uşaq nümunəvi deyil! Valideynlər həyatın çətinliklərinin öhdəsindən gəlməlidirlər, o cümlədən uşaqları ilə problemlər yarananda belə. Valideynlər münasibətlərinə görə özləri məsuliyyət daşıyırlar. — Amma atam dedi... Cenni onun sözünü kəsdi: — Ola bilsin ki, atana problemlərinə görə məsuliyyət daşımaq çətindir. Bu, bir çox insanın başına gəlir. Əminəm ki, o səni incitmək niyyətində deyildi. Amma sənin pis davranışın ona öz günahının bir hissəsini sənin boynuna qoymağa imkan verdi. Cessika bir an düşündü. — Yəni bu mənim günahım deyil? — Xeyr, boşanma sənin günahın deyil. Valideynlərini barışdırmaq üçün məsuliyyəti də sən daşımırsan. Onlar böyük adamlardır və bu cür məsələləri özləri həll etməlidir. Sənin edə biləcəyin tək şey onları sevmək və onlar üçün dua etməkdir. Cessika kreslosuna söykənib rahat nəfəs aldı: — Sanki çiynimdən böyük bir yük götürüldü! — Lap yaxşı, — Cenni dedi. — Bundan sonra özünü günahkar hiss etməməlisən. Ofisiant iki porsiya fəsəli gətirdi. Onlar yemək yeyə-yeyə Cessika siyahını oxumağa davam etdi və yaşadığı digər hissləri də qeyd etdi. Cenninin sualları və açıqlamaları Cessikaya yaşadığı ağrıları aradan qaldırmağa imkan verdi. Cenni həmçinin Cessikadan başqa işlərinin necə getdiyini soruşdu. Cessika etiraf etdi ki, valideynlərinin boşanması onu çox üzdüyünə görə o, bütün ev işlərini — paltar yumaq, bağçaya qulluq etmək kimi işləri başlı-başına buraxıb. Onda Cenni mobil telefonunu çıxarıb, Nataliyə zəng vurdu. O, Natali ilə razılaşdı ki, Cessikaya ev işlərində kömək edəcək. Cessika bir az utansa da, eyni zamanda rahatlıq hiss etdi. Adətən, o öz vəzifəsinə çox məsuliyyətlə yanaşırdı. Amma indi depressiyaya düşdüyü üçün ev işlərini görmək həvəsində deyildi. Natalinin ona kömək etməyə gələcəyini biləndə, sevindi. Vaxt tez gəlib keçdi. Cenni işə getməli idi. Onlar gələn şənbə günü görüşüb söhbəti davam etdirməyə razılaşdılar. Cessika Cenninin göstərdiyi qayğı və köməyə görə minnətdar idi. O ümid edirdi ki, qarşıdakı həftə ötən həftəyə nisbətən daha yaxşı olacaq. DÜŞÜNMƏK VAXTI Kədər yaşadığınız vaxtlarda üç tələbatın ödənməsinə ehtiyacınız yarana bilər. Həmin tələbatları Cenni kimi ruhani nəsihətçiləriniz və Natali kimi imanlı dostlarınız ödəməkdə kömək edə bilər. Əsas odur ki, bu tələbatlarınızı başqalarının qarşılamasına imkan verəsiniz. Sizin təsəlliyə ehtiyacınız var. Valideynlərinizin boşandığını biləndə, təsəlliyə ehtiyacınız olacaq. Cessika Cenniyə valideynlərinin boşanması barədə bildirəndə, Cenni məhz bunu etdi. Ağrı-acı çəkdiyimiz vaxt ən böyük təsəlli — başqalarının bizim dərdimizə şərik olmasıdır. Allah bizə başqa insanlar vasitəsilə təsəlli verir. Həvari Paul yazır: «...O, rəhmli Ata və hər cür təsəlli verən Allahdır. Çəkdiyimiz hər bir əziyyətdə O bizə təsəlli verir ki, biz də Allahdan aldığımız təsəlli ilə hər cür əziyyət çəkənlərə təsəlli verə bilək» (2 Korinflilərə 1:3, 4). Beləliklə, təsəlli nədir? Yəqin ki, əvvəlcə təsəllinin nə olmadığını görmək daha faydalı olar. Təsəlli vermək — ruhdan düşməmək çağırışı deyil. Təsəlli vermək — insanların problemlərinin səbəbini izah etmək deyil. Təsəlli vermək — Allahın hər şeyi nəzarətdə saxladığı barədə «doğru» sözlər demək də deyil. Bütün bunlar öz vaxtında faydalı ola bilər. Lakin bu bizim təsəlliyə olan ehtiyacımızı ödəmir. Bizə daha çox təsəlli verən — insanların halımıza acımasıdır. İsanın dostu Lazar öləndə O, əsl təsəllini nümayiş etdirdi (Yəhya 11-ci fəslə bax). İsa Lazarın bacıları Məryəm və Martanın evinə gələndə, onlarla birlikdə ağladı (33-35-ci ayələrə bax). İsanın sonradan etdiklərinə nəzər salmaq xüsusilə vacibdir: O, Lazarı ölülər arasından diriltdi (38-44-cü ayələrə bax). Nəyə görə Məsih qəm-qüssə içində olan Məryəmlə Martaya «Ağlamayın, Lazar tezliklə diriləcək» demədi? Çünki həmin vaxt onların acılarını bölüşəcək insana ehtiyacı var idi. İsa onlarla birlikdə ağlayaraq təsəlliyə olan ehtiyaclarını ödədi. Sonra isə möcüzə göstərib, onların kədərini sevincə çevirdi. İztirab çəkdiyimiz vaxt tək olmadığımızı biləndə, biz rahatlıq tapırıq. Həvari Paul bizi öyrədir: «Sevinənlərlə sevinin, ağlayanlarla ağlayın» (Romalılara 12:15). Kədərli olduğunuz vaxtlarda, adətən, insanlar sizi ruhlandıraraq, güclü olmağa təşviq edirlər və ya problemin niyə baş verdiyini izah edərək toxtaqlıq verməyə çalışırlar. Şübhəsiz ki, onlar qayğınıza qalıb, sizin üçün əlindən gələni etmək istəyirlər. Amma onlar əsl təsəllinin nə olduğunu dərk etməyə bilərlər. Ümid edək ki, yanınızda Cenni Şou kimi sizə əsl təsəlli verən biri olacaq. Kimsə dərdinizə şərik olub, sizinlə birgə kədərlənəndə və ya ağlayanda, Allahın qayğısını hiss edəcəksiniz. Cenninin davranışı çətin, faciəvi vəziyyətlərdə əsl təsəllinin gözəl nümunəsidir. Sizin dəstəyə ehtiyacınız var. Valideynlərinin boşanmasının öhdəsindən gəlmək üçün Cessikanın təsəllidən daha çox şeyə ehtiyacı var idi. O, dəstəyə ehtiyac duyurdu. Dəstəklə təsəlli arasında fərq nədir? İnsanlar kədərinizi bölüşməklə sizə emosional cəhətdən təsəlli verirlər. Praktiki cəhətdən kömək edəndə isə, dəstək olurlar. Gündəlik həyatın yaratdığı problemlər çətin vaxtlarda da öz yerində qalır. Ancaq emosional cəhətdən daşıdığınız yükə görə onların öhdəsindən gəlməyə gücünüz çatmaya bilər. Sizin «bir-birinizin yüklərini daşıyın və bu yolla Məsihin qanununu icra edin» (Qalatiyalılara 6:2) əmrini yerinə yetirən adama ehtiyacınız var. Cenni Cessikanı görüşə dəvət edərək onu dəstəklədi, düşüncələrini, hisslərini nizamlamaqda kömək etdi. O, həmçinin emosiyalarını necə idarə etməli olduğuna dair Müqəddəs Yazılara əsasən praktiki məsləhətlər verdi. Bundan başqa, o, Natali ilə danışdı ki, rəfiqəsinə gündəlik işlərində kömək etsin. Çünki Cessika bunların öhdəsindən gələ bilmirdi. Bəlkə siz başqalarının dəstəyini rədd etmək istəyəcəksiniz. Düşünürsünüz ki, hər şeyin öhdəsindən özünüz gələ bilərsiniz, ya da problemlərinizlə başqalarını narahat etmək istəmirsiniz. Amma bütün şübhələrinizi bir kənara qoyun. Allah bilir ki, bəzən həyatımızda başqalarının dəstəyinə ehtiyac duyduğumuz dövrlər olur. Buna görə də Qalatiyalılara məktubun (6:2) sözləri Müqəddəs Kitabda öz əksini tapıb. İnsanların sizə kömək etməsinə izin verin və buna görə onlara minnətdar olun. Çünki bu, Allahın sizə qayğı göstərmək üsullarından biridir. Sizin praktiki köməyə ehtiyacınız olduğu halda, heç kim onu təklif etmirsə, bəs onda necə? Onda köməyi özünüz istəyin. Probleminizi etibarlı dostunuzla, gənclər qrupunun və ya məbədin xidmətçisi ilə bölüşüb, kömək istəməkdə qəbahət yoxdur. Məsələn, Cenni Nataliyə zəng etməsəydi, Cessika Natalidən kömək etməyi özü xahiş edə bilərdi. Çox vaxt insanlar kömək etməyə can atırlar, sadəcə bunu necə edəcəklərini bilmirlər. Onlara nəyə ehtiyacınız olduğunu bildirərək sizə dəstək olmalarına kömək edin. Sizin ruhlanmaya ehtiyacınız var. Təsəllidən və dəstəkdən əlavə, sizin ruhlanmaya da ehtiyacınız var. Adətən, başqa insan sizin əhval-ruhiyyənizi qaldırmaq üçün nəsə edəndə, siz ruhlanırsınız. Cessikanı Cenninin zəngləri, elektron məktubları və sadəcə onun üçün dua etdiyini söyləməsi ruhlandırırdı. Həmçinin Natalinin Cessikaya tez-tez baş çəkməsi, onunla maraqlanması onu çox ruhlandırırdı. Bəlkə də belə ruhlandırma praktiki kömək qədər təsirli olmaya bilər. Lakin bunun əhəmiyyəti az deyil. Amma yenə də, əgər siz ehtiyac duyduğunuz ruhlandırmanı ala bilmirsinizsə, istəyin. Sizin üçün narahat olan birinə «xahiş edirəm, məni qucaqla» və ya «bir müddət yanımda qal» demək təbiidir. Sizi sevən adamlardan aldığınız rahatlıq, dəstək və təşviq ruhani vəziyyətinizi yaxşılaşdıra bilər. Sonda Cessika valideynlərinin boşanmaq istədiyini biləndən bir ay sonra onda baş verən dəyişikliklərdən özü danışacaq. CESSİKANIN HEKAYƏSİ Cenninin Cessika ilə üçüncü görüşünə Daq Şou da gəldi. O, şənbə günləri tək səhər yeməyi yeməkdən yorulduğunu söylədi. Üçü də gülüşə qərq oldu. Əslində, o, Cenninin dəvəti və Cessikanın razılığı ilə gəlmişdi. Bu ay ərzində o da Cеssikaya təsəlli, dəstək və ruhlanma mənbəyi olmuşdu. — Yəqin, son həftə ən çətin həftələrdən biri idi, hə, Cessi? — Daq yeməkdən əvvəl dua edəndən sonra Cenni soruşdu. Cessika başını yellədi: — Bəli, dünən valideynlərimin boşanma bildirişi gəldi. Bu, doğrudan da, ağır cümə günü idi. — Bəs özünü necə hiss edirsən? — deyə Daq soruşdu. Cessika özünü yaxşı hiss edirdi. O, əhvalına müvafiq davranmağa çalışdı: — Ümumiyyətlə, pis deyiləm. Bütün bu ay ərzində ümid edirdim ki, valideynlərim fikirlərindən daşınacaq. Hətta bunun üçün dua da etdim. Amma bu, baş vermədi. — O gülümsədi və tez əlavə etdi: — Narahat olmayın, mən baş verənləri inkar etməyə çalışmıram. Bilirəm ki, atamla anamın yolları ayrıldı. Bunun baş verdiyinə görə məyus olsam da, artıq buna görə özümü günahlandırmıram. Dua edirəm ki, valideynlərim Məsihi qəbul edib, yenidən bir araya gəlsinlər. — Bu, yaxşı duadır, — Daq dedi. — Bəs dünən necə? Sənin üçün çətin bir gün idi? — Cenni ehtiyatla soruşdu. Cessika bir dilim İsveç fəsəlisini çeynəyib uddu. — Bəli. Poçtalyon gələndə mən çöldə idim. Məktubların arasında rəsmi bildiriş də var idi. Anam onu mənim yanımda açdı. — Yəqin bunu görəndə, sən çox pis oldun, — Cenni dedi. Cessika bir an düşündü: — Məncə, anam rahatlıq hiss etdi. Onun reaksiyası məni bildirişin özündən daha çox narahat etdi: onun buna az qala sevindiyini görmək çətin idi. Mənə elə gəlir o, başa düşmür ki, atamdan boşanan mən deyiləm, odur. O, hələ də mənim atamdır, mən onu çox sevirəm. Daq ağır nəfəs aldı: — Cessi, çox təəssüf edirəm ki, anan atana olan hisslərini başa düşmür. — Təşəkkür edirəm, amma bunun öhdəsindən gəlməliyəm. Cenni düz deyir, zaman hər şeyi sağaldır. Görüşlərimizin sayəsində mən indi ağrı-acının öhdəsindən daha yaxşı gəlirəm. — Cessika gülümsədi və minnətdarlıqla Cenniyə baxdı. Cenni ona göz vurub soruşdu: — Bəs Karenlə Mark necədir? — Karen hələ də bəzən qapıları çırpır. Amma deyəsən, baş verənlərə öyrəşməyə başlayır. Mark da get-gedə açılışır. Hər axşam onunla bir neçə dəqiqə danışmaq üçün otağına gedirəm. Ondan özünü necə hiss etdiyini soruşanda, o, nə cavab verəcəyini bilmir. Buna görə keçən həftə fərqli bir yanaşmanı sınadım: sənin mənə verdiyin siyahıdan istifadə edib, ona «Mark, yəqin ki, sən atamızla anamızın boşandığına görə kədərlənirsən?» kimi suallar verməyə başladım. Onun üçün «bəli» və ya «xeyr» cavabı vermək daha asan oldu. O, «bəli» deyəndə, mən də sənin kimi, ona təsəlli verməyə və ruhlandırmağa çalışdım. Cenni gülümsədi: — Əla, Cessi! Bu mənə Müqəddəs Kitabda Korinflilərə ikinci məktubun birinci fəslinin üçüncü və dördüncü ayələrini xatırladır. Sən aldığın təsəllini Marka da ötürürsən. — Sonra o, Daqa üz tutub dedi: — Məncə, Cessi artıq Elisonla görüşməyə hazırdır. Sən necə düşünürsən? Daq gülümsəyib başını yırğaladı. Cenni yenidən Cessikaya baxıb dedi: — Elison Qilbert bizim gənclər qrupundan yeddinci sinifdə oxuyan yeni qızdır. Keçən həftə öyrəndik ki, onun valideynləri yazda boşanıblar. O, anası ilə bura köçüb. Daqla səndən onunla görüşməyi və yaşadıqlarını bölüşməyi xahiş etmək istərdik. Cessika həm ruhlandı, həm də qorxdu. — Amma mən... bilmirəm... Axı mən məsləhətçi deyiləm. Həm də Müqəddəs Kitabı o qədər də yaxşı bilmirəm... — Biz səndən onun ruhani himayədarı olmağı xahiş etmirik, — Daq dedi. — Biz sadəcə Marka necə təsəlli verdiyin və onu ruhlandırdığın kimi, Elisona da təsəlli verməyini xahiş edirik. Ona öz hekayəni danış, valideynlərinin boşanması ilə bağlı təcrübəni bölüş. Məncə, sən bunu edə bilərsən. Cessika gah Daqa, gah da Cenniyə baxdı. — Yəni sadəcə Markla danışdığım kimi onunla da elə danışım, vəssalam? — deyə o soruşdu. Daq və Cenni eyni anda başlarını tərpətdilər. Birdən Cessika üçün hər şey aydın oldu. — Əlbəttə, mən bunu edə bilərəm, — o dedi. — Onunla nə vaxt görüşməliyəm? — Fəsəlimi yeyim qurtarım, sonra, — Daq gülə-gülə dedi. DÜŞÜNMƏK VAXTI Cessikanın başa düşdüyü kimi, valideynlərinin boşanmasının nəticələri ilə mübarizədə ən yaxşı «müttəfiq»lərinizdən biri — zamandır. «Zaman hər şeyi sağaldır» məsəlində az da olsa həqiqət var. Müqəddəs Kitab bu barədə belə deyir: «...Kimin bir gecə gözündən yaş tökülərsə, onun üçün sübh tezdən sevinc doğar». Faciənin öhdəsindən gəlmək üçün sizə vaxt lazım olacaq. Bunu fakt kimi qəbul edin. Düşüncələrinizin və hisslərinizin labirintini nizamlamaq üçün zamana ehtiyacınız var. Təcrübəli məsihçi nəsihətçilər və dostlarınızla fikirləriniz və hissləriniz barədə bölüşmək üçün vaxt lazımdır. Həftələr keçdikcə kədəriniz yavaş-yavaş azalacaq, getdikcə siz normal həyata qayıdacaqsınız. Qoy zaman sizin xeyrinizə işləsin. Ağrının və kədərin qısa zamanda keçəcəyini gözləməyin. Cessika ciddi sınaqdan keçməli oldu. Valideynlərinin boşanma prosesi onun üçün ağır zərbə idi. Lakin o, bunun öhdəsindən gəlməyə çalışırdı. İndi o, reallığı xəyali dünyasından və yanlış təqsir hissindən ayıra bilirdi. O, hətta qardaşını, eləcə də başqalarını başa düşərək təsəlli verməyi bacarırdı. Cessika hələ də baş verənlərə görə narahat idi, lakin o, şəfa almaq üzrə idi. Valideynlərinizin boşanmasına görə o qədər güclü ağrı yaşaya bilərsiniz ki, nə vaxtsa normal həyata qayıdacağınıza şübhə edərsiniz. Allaha güvənin və növbəti məsləhətlərə qulaq asın. Kədərinizi içinizdə saxlamayın, onu üzə çıxarın. Sizin duyğularınız ürək ağrısını üzə çıxaran daxili qapaq kimidir. Onları daxilinizdə boğmayın. Əksinə, üzə çıxarın ki, şəfa prosesi başlasın. Digər insanlara icazə verin ki, sizə təsəlli verib dəstəkləsinlər. Allah yaxınlarınızın iştirakı ilə qəlb yaralarınıza şəfa verir. Qoy ailə üzvləriniz və dostlarınız sizinlə birlikdə ağlayıb, sizə kömək etsinlər. Çətinliyin öhdəsindən gəlmək üçün özünüzə vaxt verin. Acı çəkməyin bütün mərhələlərini — inkar etmək, qəzəb, Allahla sövdələşmək cəhdi, məyusluq və qəbullanma mərhələlərini keçmək üçün həftələr, hətta aylar lazım gələ bilər. Unutmayın, zamanla özünüzü daha yaxşı hiss edəcəksiniz. Allahın sizin vasitənizlə başqa insanlara təsəlli verməsinə və dəstəkləməsinə izin verin. Əldə etdiyiniz əvəzsiz təcrübə sayəsində başqalarının dərdinə şərik olmaq bacarığına malik oldunuz. Lakin bunun üçün vaxt lazımdır. Beləcə sizin valideynlərinin boşanmasından əziyyət çəkən insana təsəlli verib, dəstək olmaq imkanınız olacaq. Cessikanın nümunəsi göstərir ki, Allah oxşar vəziyyətə düşən və valideynlərinin boşanmasından əziyyət çəkən hər kəsə kömək edə bilər. Allah sizə də kömək edər! MÜƏLLİFLƏR HAQQINDA Coş Makdauell Amerikada tanınmış vaiz, yazıçı, eləcə də dünyanın müxtəlif yerlərində müjdəçilik və şagirdliklə məşğul olan «Campus Crusade for Christ» beynəlxalq missioner təşkilatının nümayəndəsidir. O, 128 dilə tərcümə edilmiş 150-dən çox kitabın müəllifi və həmmüəllifidir. Coş və həyat yoldaşı Dotti təxminən yarım əsrdir ki, evlidir. Onların dörd övladı və on nəvəsi var. Ed Styuart bir çox məsihçi kitabının müəllifi və həmmüəllifidir. Böyük yazıçılıq təcrübəsinə malik olan Ed Styuart Coş Makdauell ilə birlikdə gənclər üçün bədii ədəbiyyat üzərində çalışmışdır. Sonradan böyüklər üçün də dörd triller-romanı yazmışdır. Ed və həyat yoldaşı Kerolun iki böyük övladı və dörd nəvəsi var.